Novruz Aslan İsmayıllıda sakinləri qəbul edib və şəhid ailələri ilə görüşüb - FOTOLAR
Milli Məclisin deputatı Novruzəli Aslanov oktyabrın 24-də İsmayıllı rayonunun Kürdmaşi kəndində vətəndaşları qəbul edib. "aia.az" xəbər verir ki, millət vəkilinin hər həftənin dördüncü günü keçirdiyi belə görüşlər artıq ənənəvi hal alıb. O cümlədən Kürdmaşi kəndində keçirilən qəbul zamanı kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Qeyd edək ki, deputatın İsmayıllı rayonunda vətəndaşlarla keçirdiyi görüşlərdə II Qarabağ müharibəsində, həmçinin 2023-cü ildə keçirilmiş anti-terror tədbirinin gedişində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri ilə və qazilərlə görüşlər hər zaman xüsusi yer tutur. Deputat bu kateqoriyaya aid olan insanların daim acılarını bölüşür, onların arzu və istəklərinin yerinə yetirilməsi məqsədilə əməli tədbirlər görür. Bu baxımdan oktyabrın 24-də keçirilən görüş də istisna olmayıb. Həmin gün Novruzəli Aslanov daha üç şəhidimizin şəhadətlərinin ildönümü münasibətilə onların ailələri ilə görüşüb. Şəhdlərimizi oxucularımıza da təqdim edirik:
Əsgər Ağazadə Emin Valik oğlu 1991-cı il martın 22-də İsmayıllı rayonunun Kürdmaşi kəndində anadan olub. 2020-ci il 25 oktyabr tarixində Vətən müharibəsinin gedişində şəhadət zirvəsinə ucalıb. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni , “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Əsgər Həsənquliyev Nicat Aydın oğlu 9 dekabr 1989-cu ildə anadan olub. 2020-ci ilin 26 oktyabr tarixində şəhadətə yetişib. “Vətən uğrunda”, “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”medalları ilə təltif olunub.
Baş leytenant Əhmədzadə Famil Ağaəhməd oğlu 23 sentyabr 1975-ci ildə anadan olub. 2020-ci il oktyabr ayının 14-də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. “Vətən uğrunda”,” Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan həm Vətən müharibəsində, həm də keçən il keçirilmiş antiterror əməliyyatlarında əldə etdiyi parlaq tarixi Qələbələrinə görə qəhrəman hərbçilərinə, şəhid və qazilərinə borcludur. Buna görə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
Deputat Novruzəli Aslanovun oktyabrın 24-də İsmayıllı rayonunun Kürdmaşi kəndində keçirdiyi qəbulda iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.