ABŞ, İsrail və İran arasında müharibə - SON DƏQİQƏ
İranın ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına qarşı yeni hücum dalğası başlayıb.
APA xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Bəhreyn, Küveyt, BƏƏ (Əbu-Dabi, Dubay) və Qətərdəki (Doha) bazaları hücuma məruz qalıb.
***
06:28
Təl-Əvivin bəzi rayonlarında partlayışlar qeydə alınıb.
APA xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Mümkün itki və dağıntılarla bağlı hələlik məlumat açıqlanmayıb.
****
ABŞ Prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin praqmatik mövqe nümayiş etdirəcəyi təqdirdə sanksiyaların ləğv oluna biləcəyini bildirib.
APA xəbər verir ki, o, bu barədə “The New York Times“ qəzetinə müsahibəsində danışıb.
“Lakin mən heç bir istiqamətdə öhdəlik götürmürəm. Bunun üçün hələ çox tezdir”, – deyə Tramp qeyd edib.
ABŞ lideri əlavə edib ki, Vaşinqton qarşısına qoyduğu işi “çox yaxşı yerinə yetirir” və proses planlaşdırılandan daha sürətli irəliləyir.
****
ABŞ Prezidenti Donald Tramp İranın gələcək lideri postu üçün üç uyğun namizəd gördüyünü bildirib.
APA xəbər verir ki, o bu bu barədə “The New York Times“ qəzetinə müsahibəsində danışıb.
Nəşrin yazdığına görə, Tramp “İslam Respublikasına rəhbərlik edə biləcək üç çox yaxşı seçim” olduğunu deyib.
Lakin konkret adların açıqlanması sualına cavab verməkdən imtina edib.
****
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Abraham Lincoln" aviadaşıyıcısının İranın dörd ballistik raket zərbəsindən sonra dislokasiya olunduğu ərazini tərk etdiyini bildirib.
APA xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Məlumata görə, “hücumdan sonra Amerika aviadaşıyıcısı missiya yerini tərk edərək Hind okeanı istiqamətində hərəkət edib”.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə öz növbəsində aviadaşıyıcının atəşə tutulduğunu təsdiqləyib, lakin İran raketlərinin hədəfə dəymədiyini vurğulayıb.
****
İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzində yerləşən obyektlərə qarşı yeni zərbələrə başlayıb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri İran rejiminə qarşı Tehranın mərkəzində yeni zərbələr silsiləsinə başlayıb”, – deyə açıqlamada bildirilir.
Zərbələrin hədəfləri və nəticələri ilə bağlı əlavə məlumat verilməyib.
****
ABŞ və İsrail tərəfindən İranda vurulan hədəflərin sayı 2 mini keçib.
APA xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti məlumat yayıb.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı mindən çox hədəfin vurulduğunu bildirmişdi.
Zərbələrə İranın komandanlıq və idarəetmə mərkəzləri, SEPAH-ın qərargahı, ballistik raket mərkəzləri və hərbi rabitə obyektləri daxil idi.
****
ABŞ Prezidenti Donald Tramp İran Silahlı Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərini, eləcə də polis əməkdaşlarını silahı yerə qoymağa çağırıb.
APA xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında yazıb.
“Bir daha SEPAH-ı, İran hərbçilərini və polisi silahı yerə qoymağa və tam toxunulmazlıq əldə etməyə çağırıram. Əks halda, onları qaçılmaz ölüm gözləyir”, –Tramp qeyd edib.
ABŞ Prezidenti döyüş əməliyyatlarının məqsədə çatana qədər davam edəcəyini də vurğulayıb.
****
Eyal Zamir qarşıda hələ “bir neçə günlük döyüşlərin” olduğunu vurğulayıb.
APA xəbər verir ki, o, bu barədə martın 1-də Təl-Əvivdə İsrail Müdafiə Qüvvələrinin qərargahında keçirilən müşavirədən sonra yayımlanan videomüraciətdə danışıb.
Zamir qeyd edib ki, əməliyyatın başlanmasından 48 saatdan az vaxt keçib:
“Biz güclü sürprizlə başladıq, əməliyyatın gedişinə və nəticələrinə təsir edən çox mühüm nailiyyətlər əldə etdik. Artıq deyə bilərik ki, ilkin mərhələdə qazandığımız nəticələr yekun vəziyyətə təsir göstərəcək.”
Baş Qərargah rəisi əlavə edib ki, əsas məqsədlərdən biri İsrailə yönəlmiş təhdidlərin azaldılmasıdır: "Hazırda səbr tələb olunur. Biz müttəfiqimizlə sıx əməkdaşlıq edirik, ABŞ ordusu ilə koordinasiya heç vaxt olmadığı qədər güclüdür”.
O, həmçinin İsrailin digər istiqamətlərdəki vəziyyəti də izlədiyini, ölkəyə qarşı hər hansı təhdidə “qətiyyətlə cavab veriləcəyini” vurğulayıb.
****
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İrana qarşı həyata keçirilən əməliyyat təxminən dörd həftə və ya daha az müddətdə başa çata bilər.
APA xəbər verir ki, O, bu barədə Britaniyanın "Daily Mail" qəzetinə müsahibəsində bildirib.
“Hesablamışıq ki, bu, təxminən dörd həftə çəkəcək. Bu, həmişə təxminən dörd həftəlik proses kimi nəzərdə tutulub. Bütün mürəkkəbliyə baxmayaraq, əməliyyat dörd həftə və ya daha az davam edəcək”, – deyə Tramp qeyd edib.
***
İran və ABŞ razılaşma əldə etməyə yaxın olduqları bir vaxtda Vaşinqton yenidən hərbi güc tətbiq etmək qərarı verib.
APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "ABC News" telekanalına müsahibəsində bildirib.
“Mən detallı şəkildə izah edə bilərəm ki, nələr üzrə razılaşmışdıq və saziş necə əlçatan məsafədə idi”, – deyə İran XİN rəhbəri vurğulayıb.
***
Tehran fond birjasında bütün maliyyə əməliyyatları hərbi əməliyyatlar fonunda martın 7-dək dayandırılıb.
APA xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.
Məlumata görə, martın 2-dən başlayaraq ölkədə 7 günlük ümummilli istirahət elan edilib.
Bu səbəbdən həftənin sonunadək, eləcə də martın 16-da şənbə günü səhmlərlə ticarət, əmtəə birjasında əməliyyatlar və birja investisiya fondları üzrə sövdələşmələr dayandırılacaq.
***
İsrail yaxın günlərdə İrana zərbələri intensivləşdirmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katz, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir və Mossad rəhbəri David Barnea ilə görüşdən sonra bildirib.
"Biz zalım Xameneini və rejimin onlarla yüksək vəzifəli şəxsini məhv etdik. Qüvvələrimiz hazırda Tehranın mərkəzinə intensiv zərbələr endirir və bu, qarşıdakı günlərdə daha da şiddətlənəcək", - o qeyd edib.
Baş nazir vurğulayıb ki, ABŞ və İsrailin birgə hərbi əməliyyatları İrana qarşı qəti addımlar atmağa imkan yaradır.
"Qüvvələrin birləşməsi bizə 40 ildir arzuladığım işi - terror rejiminə qətiyyətlə zərbə endirməyimizi təmin edir. Mən də bunu vəd etmişdim və biz də bunu edəcəyik", - Netanyahu əlavə edib.
***
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Amerika qüvvələrinin zərbələrindən sonra danışıqları bərpa etməyi təklif edib və o, bu təklifi qəbul edib.
APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "The Atlantic" nəşrinə açıqlamasında danışıb.
Trampın sözlərinə görə, Tehran daha əvvəl kompromisə getməli idi, lakin qərar verməkdə gecikib.
“Onlar danışmaq istəyirlər və mən də razılaşdım. Ona görə də onlarla danışacağam. Bunu daha əvvəl etməli idilər. Çox uzun müddət gözlədilər”, – deyə ABŞ prezidenti bildirib.
****
İrana qarşı hərbi əməliyyat zamanı 3 ABŞ hərbçisi ölüb, 5 hərbçi ağır xəsarət alıb.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (СЕНТКОМ) məlumat yayıb.
CENTCOM ABŞ hərbçilərinin hansı şəraitdə ölməsi və yaralanması barədə təfərrüatları açıqlamayıb.
Bu arada İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə 4 ballistik raketlə zərbə endirildi barədə məlumat yayıb.
***
saat 17.04
İranın İsrailin Beyt-Şemeş şəhərinə ballistik raketlə zərbə endirməsi nəticəsində 6 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İndiyə qədər xəstəxanalara 23 yaralı gətirilib. Yaralılardan 2-i ağır, 3-ü orta-ağır vəziyyətdədir. 18 nəfər yüngül xəsarət alıb.
***
saat 16.37
İrandan atılan ballistik raketin İsraildə Beyt-Şemeşə düşməsi nəticəsində xəsarət alanların sayı 20 nəfəri ötüb.
APA xəbər verir ki, bu barədə İsrail Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.
Xəsarət alanlardan bir qız uşağının vəziyyəti ağırdır.
***
saat 16.08
İran raketi Beyt-Şemeşə düşüb.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Nəticədə bir neçə nəfər yaralanıb. Yaralılardan biri uşaqdır və vəziyyəti ağırdır.
***
saat 11.33
İranın İsrailin mərkəzi və şimal bölgələrini hədəf alan son ballistik raket zərbələrindən sonra xəsarət alanlar barədə məlumat daxil olmayıb.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Polis Qüds ərazisinə raket qalıqlarının düşməsi ilə bağlı məlumatlar aldığını bildirir.
Bu arada İsrail Ordusunun yaydığı məlumatda qeyd edilib ki, mülki şəxslər artıq sığınacaqları tərk edə bilərlər.
***
saat 11.10
Bu gün İrandan İsrailə raket zərbələrinin üçüncü dalğası başlayıb.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qüds şəhərində güclü partlayışlar eşidilib, lakin hələlik xəsarət alan və ya ziyan dəymiş şəxslər barədə məlumat verilməyib.
İsrailin mərkəzindəki yaşayış bölgələrində, Tel-Əvivdə də həyacan siqnalı verilib.
***
saat 10.47
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi ABŞ və İsrailin hava hücumları zamanı öldürülüb.
APA xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
***
saat 09.54
İranın İsrailə son raket zərbələri nəticəsində ölən və yaralanan yoxdur.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bir neçə nəfər hava həyəcanı zamanı sığınacaqlara qaçarkən yüngül xəsarət alıb.
İsrail Ordusu mülki şəxslərin artıq sığınacaqları tərk edə biləcəyini açıqlayıb.
***
saat 09.24
İran İsrailə növbəti genişmiqyaslı raket zərbəsi endirir.
APA xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
İsrailin cənub və mərkəzi bölgələrində hava həyəcanı elan olunub. Bu bölgələrdə əhalinin sığınacaqlarda qalması tövsiyə edilib.
***
saat 05.15
İsrail ordusu İrana qarşı yeni bir sıra zərbələr endirir.
APA xəbər verir bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə onlar İranın ballistik raket buraxılış sistemlərini və Hava Hücumundan Müdafiə sistemlərini hədəf alıb.
İranın İSNA agentliyi isə Tehranda partlayışların qeydə alındığına dair məlumat yayıb.
***
00:56
İran İsrailə genişmiqyaslı raket zərbəsi endirir.
APA xəbər verir ki, İsrailin hər yerində həyəcan siqnalları işə düşüb.
***
22:03
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə yeni zərbələr dalğası başladıb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə zərbələrin hədəfi İranın mərkəzindəki raket və Hava Hücumundan Müdafiə sistemləridir.
***
20:38
Hələlik regionda radioloji təsirə dair dəlil yoxdur.
APA xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, AEBA Yaxın Şərqdə baş verən hadisələri yaxından izləyir:
“AEBA Yaxın Şərqdəki hadisələri yaxından izləyir və bölgədəki insanlar üçün nüvə təhlükəsizliyi risklərindən qaçmaq üçün təmkinli olmağa çağırır.
AEBA region ölkələri ilə daimi əlaqə saxlayır, hələlik hər hansı bir radioloji təsirə dair heç bir dəlil yoxdur. Agentlik vəziyyəti izləməyə və məlumatlandırmağa davam edəcək”.
***
17:37
İsrail Müdafiə Qüvvələri (IDF) İranın qərbində raket hazırlayan hərbçilərə və döyüşə hazır vəziyyətə gətirilmiş buraxılış qurğusuna endirilən zərbələri əks etdirən yeni görüntülər yayıb.
APA xəbər verir ki, Müdafiə Qüvvələrinin məlumatına görə, İsrailə qarşı dərhal hücum üçün hazır vəziyyətə gətirilmiş xeyli sayda ballistik raket buraxılış qurğusu zərərsizləşdirilib.
Bundan əlavə, bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri İranın qərbində buraxılış qurğusunu silahlandıran İranın ballistik raket bölməsinin hərbçilərinə zərbə endirib.
***
16:34
İranın İsrailə raket zərbələrinin daha bir hücum dalğası başlayıb.
APA xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
***
14:50
İran ABŞ və İsrail məğlub olana qədər hücumları davam etdirəcək.
APA “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şekarçi deyib.
“Cavablarımız ABŞ və İsrail məğlub olana qədər davam edəcək. Əvvəlcədən xəbərdarlıq etmişdik ki, yanlış hesablamalar aparmasınlar. Onlara verəcəyimiz dərs 12 günlük müharibədən də böyük olacaq”, -Şekarçi vurğulayıb.
***
13:49
ABŞ və İsrailə yardım edən istənilən hərbi baza hücuma məruz qalacaq.
APA xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
Bəyanatda bildirilib ki, “İsrail və Amerikaya tarixlərində görmədikləri bir cavab veriləcək”.
İran ordusunun Baş Qərargahı xalqı sakitliyə çağırıb.
“ABŞ və İsrailə kömək edən istənilən hərbi baza İran Silahlı Qüvvələrinin hücumuna məruz qalacaq”, - bəyanatda qeyd olunub.
***
12:41
İrandan İsrailə raket hücumlarının üçüncü dalğası qeydə alınıb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
***
12:34
İranın Havadan Müdafiə Sistemləri işə düşüb.
APA “Tasnim”ə istinadən xəbər verir ki, Tehran ətrafında Havadan Müdafiə Sistemləri işə düşüb və atılan raketləri zərərsizləşdirir.
Eyni zamanda, İsrailin Hayfa şəhərində partlayış səsləri eşidilib. İsrail mediasının məlumatına görə, Yerusəlim və digər bölgələrdə həyəcan siqnalları işə düşüb.
***
12:08
İrana hücumlarda hədəfə alınan obyektlərə Kəşfiyyat Nazirliyi, Müdafiə Nazirliyi, İran Nüvə Enerjisi Agentliyi və Parçin bölgəsindəki təsisatlar daxildir.
APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“Reuters“in məlumatına görə, İran “təcavüzə dağıdıcı zərbələrlə cavab verəcəklərini” bəyan edib.
Anonim İran rəsmisi bildirib ki, İran cavab zərbələri hazırlayır və bu zərbələr dağıdıcı olacaq.
***
11:24
İrana qarşı hərbi əməliyyatlar aylarla davam edə bilər.
APA xəbər verir ki, bu barədə anonim İsrail rəsmisi “Channel 12”ə danışıb.
Onun sözlərinə görə, İsrail bu əməliyyatda tam gücünü səfərbər edib və ABŞ İsraillə eyni cəbhədə yer alır.
Mənbə əlavə edib ki, əməliyyatın ilkin mərhələsi 4 gün davam edəcək.
***
11:17
Müharibənin sonu İsrailin əlində deyil.
APA xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədri İbrahim Əzizi “X” hesabında yazıb.
“Xəbərdarlıq etmişdik. Elə bir yola girmisiniz ki, sonu sizin əlinizdə deyil”, - Əzizi qeyd edib.

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были