• Баку 21° C

    2.21 м/с

Yüz minlərlə vətəndaşın gözlədiyi qərar – Deputat ümid verdi

15:45 / 26.01.2022 Просмотров: 2688

Hüquqşünas: “Proses səkkiz milyon vətəndaşın hüquqlarının pozulması ilə müşayiət olunub”

Deputat: “Bununla bağlı geniş müzakirələr aparılır və yəqin ki, yaxın vaxtlarda konkret fəaliyyət planı təsdiq ediləcək”

Gəlir gətirməyən və büdcəyə yük olan dövlət müəssisələrinin idarəetmədəki səmərəsizlik, şəffaflığın olmaması kimi problemlər üzündən zərərlə işlədiyi hamıya məlumdur. Elə buna görə də dövlət hər il həmin müəssisələrə subsidiyalar ayırır. Və bu səbəbdən onların özəlləşdirməyə çıxarılması, xüsusi mülkiyyətə verilməsi ciddi müzakirə mövzusudur.

Azərbaycan İnvestisiya Holdinqinin təsis edilməsi, əksər dövlət qurumlarının holdinqin tabeliyinə verilməsi, zərərlə işləyən dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılmasının əsas fəaliyyət istiqamətlərindən biri olaraq müəyyən edilməsi Azərbaycan hökumətinin də bu məsələdə maraqlı olduğunu ortaya qoyur.

Bu məqamda qeyd edək ki, ötən əsrin 90-cı illərində mərhum Prezident Heydər Əliyevin fərmanı ilə, hər biri dörd paydan ibarət olan özəlləşdirmə çekləri əvəzsiz olaraq vətəndaşlara təqdim edildi. Yenicə müstəqilliyə qədəm qoymuş ölkəmizdə vətəndaşlara vauçerlərin paylanılması böyük ümidlər yaratsa da, proses uğurla təşkil edilmədi. Əhalinin maariflənmə səviyyəsinin aşağı olması, məsələyə məsul dövlət qurumlarının yarıtmaz fəaliyyəti, bəzi işbazların və məmur-oliqarxların sui-istifadə halları milyonlarla insanın hüquqlarının pozulması ilə nəticələndi.

Bir çoxları özələşdirmə çeklərini satsalar da, bu gün də onları qoruyub saxlayanların da sayı az deyil. Yüz minlərlə insan hələ də onlara məxsus vauçerlərin yenidən tədavülə qaytarılmasını gözləyir.

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

2011-ci ildən etibarən tədülü dayandırılsa da, əksər ekspertlər bu addımı qanunazidd hesab edir. Öz növbəsində, çekləri əllərində qalmış vətəndaşlar da əmindirlər ki, vauçerlərin tədavülü bərpa ediləcək, həm də müddətsiz şəkildə.

Bu mənada, qarşıda gözlənilən özəlləşdirmə prosesində çekləri əllərində qalan vətəndaşların iştirakı təmin ediləcəkmi?

Hüquqşünas Fərhad Mehdiyev AYNA-ya şərhində deyib ki, keçmiş özəlləşdirmə prosesi zamanı səkkiz milyon vətəndaşın hüquqları pozulub: “Bilirsiniz ki, hər biri dörd paydan ibarət olmaqla 8 milyon özəlləşdirmə çeki əvəzsiz olaraq vətəndaşlara təqdim edilib. Nəzərdə tutulurdu ki, özəlləşdirilməli olan dövlət mülkiyyəti hamısı bu vauçerlər vasitəsilə həyata keçirilsin. İlkin qayda beləydi və proses bu şəkildə də həyata keçirilməli idi. Sonradan Nazirlər Kabinetinin qərarları dəyişdi və bu prosesə riayət edilmədi”.

“Ancaq faktiki olaraq vətəndaşlara özəlləşdirmə çekləri verildiyi andan əmlak payı hesab olunur. Hüquqi olaraq bu vauçerlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Mülkiyyət hüququ elə bir şeydir ki, zaman aşımı ilə öz qüvvəsini itirmir. Bu, çox vacib məqamdır. Bu, kreditor hüquq deyil. Kreditor hüquqlarda müəyyən müddət qoyula bilər. Lakin mülkiyyət hüquqlarında bunu tətbiq etmək mümkün deyil”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, dövlət əgər vauçerləri dövriyyədən çıxarırsa, onların əvəzinə kompensasiya ödəməlidir: “Ya da onların özəlləşdirmə prosesində iştirakını təmin etməlidir. Məlumdur ki, özəlləşdirmə çekləri üçün tədavül müddət müəyyən edilib və bu müddət 2011-ci ildə başa çatıb. Bununla bağlı investisiya fondları yaradılmalı, çeklərin gələcək taleyini onlar müəyyən etməli idilər. Bu yolla külli miqdarda dövlət müəssisələrinin özəlləşdirilməsi həyata keçirilməli idi. Çeklər dövriyyədən çıxarıldığı andan fond onları qəbul etməli və özəlləşdirmə prosesində iştirakını təmin etməliydi”.

“Lakin göründüyü kimi, bu proses baş vermədi. Qanuna da riayət olunmadı. Xeyli sayda vətəndaş, o cümlədən mən də gözləyirdik ki, bu, baş tutacaq. Hesab edirəm ki, hələ də gec deyil. Özəlləşdirmə çekləri ya dövriyyəyə qaytarılmalı, ya da kompensasiya ödənilməlidir. Vauçerlərlə bağlı investisiya fondlarının yaradılması təklifi bu gün üçün də aktualdır. Çünki qarşıda subyidalarla fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirməyə çıxarılması gözlənilir”, - deyə Mehdiyev vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mövzu ilə bağlı AYNA-ya açıqlamasında söyləyib ki, dövlət müəssisələrinin bəzi xidmət sahələri özəlləşdiriləcək: “Bilirsiniz ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan və bəzi dövlət qurumlarına ümumi rəhbərliyi həyata keçirən Azərbaycan İnvestisiya Holdinqinin əsas fəaliyyət istiqamətlərindən biri məhz bununla bağlıdır. Bu gün bir çox müəssisələr var ki, onlar dövlətin ayırdığı subsidiyalar hesabına fəaliyyət göstərir. Faktiki olaraq zərərlə işləyirlər və dövlət büdcəsinə əlavə yükdürlər”.

“Gözlənilir ki, həmin müəssisələr və ya onların müəyyən xidmət sahələri özəlləşdirmə hərracına çıxarılsın. Dövlət üçün strateji əhəmiyyət kəsb edən sahələr hökumətin tərkibində saxlanılır, digərləri isə özəlləşdirməyə çıxarılır”, - deyə deputat qeyd edib.

Əhmədovun sözlərinə görə, vətəndaşların əllərində qalan özəlləşdirmə çeklərinin taleyinə də aydınlıq gətirilə bilər: “Bununla bağlı geniş müzakirələr aparılır. Yəqin ki, yaxın vaxtlarda konkret fəaliyyət planı təsdiq ediləcək. Əgər dövlət özəlləşdirmə prosesinə başlayarsa, tədavül müddətinin artırılması məsələsinə də baxıla bilər. 2011-ci ildə tədavül müddəti başa çatandan sonra çekləri əllərində qalan vətəndaşlarımız var. İlkin ehtimallara görə, onların sayı yüz minlərlədir. Hesab edirəm ki, onlarla bağlı məsələyə də aydınlıq gətirilməlidir. Və ümid edirəm gətiriləcək də. Belə bir addımın atılması çox yaxşı olardı”.

 

Müəllif: Aydın Gəray


Другие новости

Лента новостей

Все новости
19 апрель 2024

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA