• Баку 11° C

    2.52 м/с

Dünyada şəxsi münasibətlərdə YENİ TREND: "Situasyon eşq"

12:04 / 22.01.2022 Просмотров: 2478

Adı müəyyən edilməmiş romantik münasibətlər getdikcə daha çox cütlüyü əhatə edir. Bunun pis bir şey olduğunu demək olmaz. Ancaq bunların sağlam münasibət olmadığını bilmək vacibdir. 

Novoye-Vremya.com bildirir ki, bu barədə "NBC News”un əməkdaşı, jurnalist Deniel Peycin qələmə aldığı məqalədə deyilir. 

Məqalə müasir dövrün ən böyük problemlərdən birinə çevrilən insan münasibətlərindəki dəyişikliyə aydınlıq gətirir:

"İlk baxışda evləndim" verilişinin bir mövsümündə 30 yaşlı Deonna MakNeyl yeni ailə qurduğu, ancaq 10 ildir münasibətdə olduğu Qreqori Okotie ilə yaşadıqlarını belə ifadə edir:

"Mən həmin 10 ildə münasibətdə olmamışam, sadəcə "situationship”də olmuşam".

Bəs nədir bu "situationship”? 

Bunu haradasa, "situasyon əlaqə" ifadəsi ilə əvəzləmək olar.

"Situationship” dostdan artıq, sevgilidən əskik hiss etdiyiniz vəziyyətdir. Belə münasibət yaşayan insanları sevgi birləşdirmir, onlar arasında bağlılıq olmur. Sadəcə yaşadıqları həyat, qarşılaşdıqları situasiyalar onları bir araya gətirir və onlar bir-birlərinin cinsi partnyorlarına çevrilirlər. Çox vaxt tərəflərdən biri və ya hər ikisi yaşadıqları münasibətin adını qoya bilmir və ya qoymaq istəmir. Onlar münasibət yaşasalar da, bir-birlərinə aid olduqlarını hiss etmir, buna dair bir-birlərinə heç bir vəd vermirlər. 

Psixoterapevt Conatan Alpert izah edir: "”Situationship” cütlüklərin bir-birlərinə sadiq olduğu sevgi münasibəti ilə güclü dostluq arasındakı boşluqda olmaq vəziyyətidir”. 

Bu, niyə indi trendə çevrilir? 

"Münasibətlərə dair gözləntilərimiz dəyişib. İnsanlar daha gec yaşda evlənirlər. Bir çox insan özünü tanımağa, şəxsiyyət olaraq yetişməyə öncəlik verir. Buna görə də, münasibətlərdə sərbəstlik axtarır”, - deyə Kaliforniyada təcrübə keçən lisenziyalı evlilik və ailə terapevti Saba Harouni Luri bildirir.

Conatan Alpert deyir ki, "Bir tərəfdən, münasibətin nə olduğu və ya nə olmadığı ilə bağlı parametrlər qoymamaq cütlükləri daha azad hiss etdirir:

"Digər tərəfdən, bu ancaq hər iki tərəfin də arzu və istəyinə uyğundursa, problem yaranmır. Tərəflərdən biri daha çox öhdəlik götürmək istəyəndə isə vəziyyət dəyişir. Həmin şəxslərin yaşadığı bu qeyri-müəyyənlik narahatlıq, məyusluq, inciklik, çarəsizlik hisslərinin baş qaldırmasına səbəb olur və hətta depressiyaya gətirib çıxara bilir”.

""Situasyon münasibətlər"in müsbət və mənfi cəhətləri

Floridada təcrübə keçən terapevt Travis MakNalti bildirir:

"Tutaq ki, yeni biri ilə tanış olmusunuz və işlər yaxşı gedir. Ancaq bir neçə görüş baş tutsa da, bütün bunların hara getdiyini düşünmək sizin gecələr yuxuya getməyinizə imkan vermir. Bu, ümumi bir problemdir”.

Onun sözlərinə görə, müştərilərinin əksəriyyəti (və ümumiyyətlə, insanlar) yeni münasibəti həyatlarının mərkəzinə qoymağa, ona köklənməyə meyillidirlər. "Bu, çoxlu yuxusuz gecələr və yersiz təzyiq deməkdir”, - deyə Travis vurğulayır. 

Travisin fikrincə, münasibətin hara doğru getdiyi ilə bağlı sualları və gözləntiləri rəfə qaldırmaq əslində necə hiss etdiyiniz barədə daha diqqətli olmağa kömək edə bilir:

"”Situationship” münasibətlərin başlaması ilə bağlı ənənəvi təzyiqləri yüngülləşdirir. Narahatlıq və gözləntilərin bu şəkildə azaldılması cütlüyün daha da yaxınlaşmasına kömək edə bilər".

Mütəxəssislər "situasyon əlaqə"nin müvəqqəti faydalarının ola biləcəyini söyləsələr də, tərəflərdən birinin daha çoxunu istəməyə başlaması ilə münasibətin korlanacağı ilə bağlı xəbərdarlıq edirlər. 

Kaliforniyada təcrübə keçən daha bir psixoloq Karla Menli deyir: 

"Hər iki insan vəziyyətin təbiəti ilə uyğun gəlmədikdə, zamanla qəzəb və nifrət yaranır. Bu isə, passiv-aqressiv hərəkətlərlə, qəzəb partlayışları və toksik ünsiyyətlə müşayiət oluna bilər”.

Karla Menli vurğulayır ki, belə münasibətlər yaşayan insanlarda həlli çətin problemlər baş göstərə bilir:

"Dərin peşmanlıq hissi, vaxtını (bəzən aylarını, hətta illərini) heç bir nəticəsi olmayan əlaqəyə sərf etmək insanlara yaxşı təsir etmir. Bir çox insan vaxt, zəhmət və pul sərf etdikdən sonra nəticəsiz qalan əlaqələrdən şikayətlənirlər".

Bəlkə siz də "stiuasyon eşq"dəsiniz?

Aşağıdakı suallara cavab verərək bunu müəyyən edə bilərsiniz:

Planların olmaması: Əvvəlcədən plan qurmaq cəhdləri alınmır. Çünki bu öhdəlik deməkdir və ciddi münasibət istəməyən tərəf bunu birmənalı qarşılamır. Görüşlər, adətən, bədahətən olur və cinsi əlaqəyə girmək, eləcə də vaxt keçirmək üçün baş tutur. Tərəflərdən biri və ya hər ikisi məşğul olacaq daha yaxşı bir işi olmadığı üçün bu görüşə gəlir. 

Səthi və çox vaxt cinsi xarakter daşıyan söhbətlər: Bu illərlə davam edə bilər. Tərəflər həmin an qarşı tərəfi məmnun edəcək səthi söhbətlər etsələr də, həqiqətdə bir-birlərini tanımırlar. 

Onun dostları və ya ailə üzvləri ilə görüşməmisiniz: Münasibət ikinizin birlikdə vaxt keçirməsindən sonrakı mərhələyə keçid etmir. Partnyorunuzun dostları və ya ailəsi ilə planlarına daxil edilmirsiniz. 

Bundan sonra nə olacağı barədə söhbət etmirsiniz: Gələcək planlar müzakirə edilmir. Çünki siz onun həyatında uzunmüddətli xarakter daşımaya bilərsiniz. Münasibətin hara getdiyinə aydınlıq gətirmək cəhdləri qeyri-müəyyənliklə qarşılanır.

Belə bir vəziyyətdə nə etməli?

Belə münasibətlər çox vaxt bir və ya hər iki tərəfin daha ciddi bir şey istədiklərindən əmin ola bilməməsindən, eləcə də daha yaxşı seçimlərinin olmamasından qaynaqlanır. 

Menli deyir ki, "Bəzi hallarda, münasibətə maraq oyadan nüanslar axtarış, yalnızlıq hissindən qaçmaq və ya boşluq doldurmaq cəhdidir. Ona görə də hər hansı bir addım atmadan öncə özünüzə bu sualı verin və vicdanla cavablayın: Belə seçiminiz olsaydı, bu insan həqiqətən də ciddi münasibət yaşamaq istədiyiniz biridirmi?

Menli təklif edir ki, əgər həmin şəxsin həqiqətən də yaxşı, romantik bir partnyor olacağına inanırsınızsa, bu barədə ona qarşı dürüst olun və istəklərinizi dilə gətirin. 

"Diqqətinizi yayındırmayan, sakit bir yerdə söhbətləşmək üçün vaxt ayırın. Danışarkən necə hiss etdiyiniz və nə istədiyiniz barədə açıq olun, birbaşa sözə girin. Məsələn: "Bizdə vəziyyətin nə yerdə olduğu mövzusunda çaşqınlıq içindəyəm. Sənə qarşı güclü hisslərim var və münasibətlərimizi dərinləşdirmək istəyirəm. Sənin bu barədə nə hiss etdiyin mənim üçün çox vacibdir. Ümid edirəm ki, sən də mənimlə eyni hissləri bölüşürsən və birlikdəliyimiz davam edəcək”.

Qarşınızdakı insan bu münasibəti daha ciddi mərhələyə keçirməyə hazır olmadığını deyir və sizinlə razılaşmırsa, nə etmək olar?

Psixoloqun bu halda bircə məsləhəti var: Bütün yaşadıqlarınıza bir təcrübə qazanma fürsəti kimi baxın və yolunuza onsuz davam edin. Ancaq baş verənlərə görə nə qarşı tərəfi, nə də özünüzü günahlandırın. Sadəcə özünüzə bu sualları verin: "Qırmızı cizgilərimi keçmişəmmi?”, "Bu münasibətdə istədiyimdən və ehtiyac duyduğumdan daha azına razı olmuşammı?”. Bu suallara cavab tapmaq növbəti münasibətinizdən gözləntilərinizi müəyyənləşdirməyə, bir daha belə bir münasibət təcrübəsi yaşamamağa kömək edəcək. /Sfera.az/


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA